Olbers Paradoksu kainatın yaradıldığını sübut edir

Kainatın sabit olmadığını, daimi genişləndiyini gecə vaxtı səmanın qaranlıq olması ilə də izah etmək mümkündür.

XIX əsrdə alman astronom Henrix Olbers tərəfindən belə bir sual ortaya atılmışdı ki, "işığın mənbəyi ulduzlar gecə vaxtı səmanı niyə işıqlandırmırlar?". Əslində bu açıq ziddiyyətə Olbersdən əvvəl İohan Kepler və Edmund Halley kimi astronomlar da diqqət çəkmiş, amma mövzunu 1832-ci ildə yazdığı məqalə ilə Henrix Olbers gündəmə gətirmişdi.

Həmin dövrdə Olbers qəbul edilən sabit kainat anlayışını tənqid edirdi. O qeyd edirdi ki, kainat sabit və sonsuz əvvəldən etibarən mövcud olsa idi, kosmosda sonsuz sayda ulduz olmalı idi və istənilən istiqamətdən kosmosa baxdığımız zaman ulduzlardan hər hansı birini görməli idik. Bunu belə də izah etmək mümkündür ki, ölçüsü sonsuz olan və sonsuz sayda ağacın olduğu bir meşədə atılan bir ox mütləq ağaclardan birinə dəyəcək. Oxşar şəkildə əgər kainat sonsuz əvvəldən etibarən mövcuddursa, kainatdakı hər ulduzdan yayılan işığın Yer kürəsinə gəlib çatması üçün lazımi qədər müddət keçib. Belə olan halda gecə vaxtı səma da orta ölçülü bir ulduz qədər parlaq olmalıdır. Ulduzlar çox uzaq olduğundan gələn işığın enerjisinin zəifləcəyi şərhi isə mövzunu tam izah edə bilmir. Bu barədə nəzəri fizik Cim Əl-Xəlili belə deyir:

"...uzaqdakı ulduzların işıqlarının daha sönük olduğu doğrudur, amma bu ulduzların içində olduğu bölgə daha uzaqda olduğu üçün daha geniş həcmi daha çox ulduzu əhatə edir. Ancaq kosmosun hər hansı bir bölgəsində az sayda daha parlaq bir-birinə yaxın ulduzların parlaqlığı bir-birindən uzaq olan çox sayda zəif parlaqlığı olan ulduzların parlaqlığının cəminə bərabərdir.” (Jim Al-Khalili, Paradoks, Domingo Yayınevi, s.43-44).

Cim Əl-Xəlilinin izah etmək istədiyi odur ki, kainatın sabit olduğunu qəbul etdiyimiz zaman ulduzlar çox uzaqda olsalar belə, topa qruplar halında olduqlarından yaydıqları işıq Yer kürəsinə gəlib çatacaq və planetimizin işıqlanmasını təmin edəcək. Amma buna baxmayaraq, gecə vaxtı səma niyə qaranlıq olur?

Fizikləri uzun müddət düşündürən bu sual Biq Bənq nəzəriyyəsinin ortaya çıxmasından sonra öz həllini tapdı. Markus Çovn "Böyük partlayışın işığı" adlı məşhur kitabında mövzunu belə izah edir:

"Böyük Partlayışa məruz qalmış kainatımızda iki səbəbdən gecə vaxtı səma parlaq olmur. Kainat genişləndiyindən çox uzaq qalaktikalardan gələn şüalar davamlı olaraq daha çox qırmızıya sürüşür. Qırmızı işıq bənövşəyi işığa görə daha az enerji daşıdığı üçün bunun təsiri uzaq məsafələrdən gələn işığın enerjisinin azalması olaraq müşahidə edilir" (Marcus Chown, Büyük Patlamanın Işığı, Alfa Yayınları, s.41).

Kainat daimi olaraq genişəndiyi üçün digər qalaktikalardakı ulduzlar bizdən uzaqlaşırlar. Bu uzaqlaşma ulduzlardan çıxan işığın enerjisinin azalması deməkdir. Bu da gecə vaxt səmanın qaranlıq olmasına səbəb olur.

Digər səbəb isə uzaqdakı bir ulduzun işığının bizə gəlib çatması üçün Böyük Partlayışdan etibarən lazımi qədər vaxtın keçməsinin zəruriliyidir. Başqa sözlə desək, ulduzun əmələ gəlməsi ilə Yer kürəsinin əmələ gəlməsi arasında ulduzdan çıxan işığın Yer kürəsinə gəlib çatması üçün müəyyən müddət keçməlidir. Sabit kainat modelində Yer kürəsi və ulduzlar sonsuz əvvəldən etibarən mövcud olduqları üçün bu müddət çoxdan keçməli və sonsuz sayda ulduzun işığı planetimizə gəlib çatmalı idi.

"Olbers paradoksu" göstərir ki, kainatın sabit olması və başlanğıcının olmaması mümkün deyil. Kainat sabit olsaydı, sonsuz kosmosda olan sonsuz sayda ulduzun işığı Yer kürəsini gündüz kimi işıqlı edəcəkdi. Biq Bənq modeli ilə yüzlərlə il ərzində fizikləri düşündürən bu suala da ən konkret doğru cavab verildi.

Əlaqəli yazılar